Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“Hərbiyyə - 101” düşərgəsi davam edir


 "Hərbiyyə -101" düşərgəsinin 3-cü günündə fiziki hazırlıqlar üzrə məqbulların qəbulundan sonra Təlim Mərkəzində zirehli texnikaların sürülmə əsasları, üsul və qaydaları, tapşırıqlar, şəxsi heyətin qiymətləndirilməsi, marşrut boyu maneələrin  dəfetmə qaydaları izah edilib.

 Bölmə tərkibində tankların sürülməsi üzrə nümunəvi məşqlərin ardından tank atış sahəsində praktiki atışın yerinə yetirilməsi nümayiş etdirilib. Silahların taktiki-texniki xüsusiyyətləri, atışın əsasları, çevik şəkildə atəş sahəsində kəşf edilmiş hədəflərin dərhal məhv etmə qaydaları, atəşin idarə edilməsi izah edilib. Həmçinin praktiki atışın yerinə yetirilməsi, tədris nöqtələrində atəş hazırlığı üzrə normativlər icra olunub.

 İştirakçılar Azərbaycan Ordusu üzrə keçirilən yarışlarda ən yaxşı tank bölüyü adına layiq görülmüş bölüyün zabitləri ilə görüşüblər. 

  Sonra 100-dən çox döyüş və digər texnikalar, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə vasitələrinin artilleriya və texnikaları, mühəndis silahlandırma vasitələri, yeni nəsil rabitə avadanlıqları, tibb-təxliyyə zirehli avtomobilləri nümayiş olunub.

Atəş hazırlığı məşğələlərində təhlükəsizlik qaydaları izah olunub və atıcı silahların natamam sökülüb-yığılması yarışları təşkil olunub.

Xocavənd rayonunda Şəhidlər abidəsi ziyarət olunduqdan sonra əl qumbaralarının dəqiqliyə atılması üzrə komandalar yarışıb.

 Düşərgənin 4-cü günündə isə mühəndis silahlandırma vasitələri ilə tanışlıqdan sonra mina əleyhinə keçid açma sistemləri, tank və piyada əleyhinə minaların xüsusiyyətləri, partlayış üsulları, mina atan cihazlar və istekamçıların geyimləri,  mühəndis şans alətləri, partlamayan tel əngəlləri, mövqelərdə istifadə olunan metal səbətlər və istekamçı itlər barədə məlumat verilib.

Təlim sahəsində partlayışların praktiki icrasını iştirakçılar əsgərlərlə birgə yerinə yetiriblər.

Od və elektrik üsulu ilə tək-tək, bir neçə atımın partladılması, MTU-90 ilə maneələr üzərindən körpülərin qurulması nümayiş olunub.

Döyüşçülər və  iştirakçılar tərəfindən əlaltı vasitələr (balta, bıçaq) ilə  hədəflərə xətər yetirilməsi və zərərsizləşdirmə icra olunub.

 Silahlanmada olan yeni nəsil rabitə vasitələri və tək əsgərin taktiki nəzarət zolağını keçməsi üzrə nümunəvi məşğələ maraqla qarşılanıb.

Günün sonunda iştirakçılara döyüş meydanında yaralılara ilk tibbi yardım göstərilməsi və onların təxliyyə edilməsi praktiki izah olunub.

 "Hərbiyyə - 101"  düşərgəsi "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılır.

  Layihənin media tərəfdaşları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, ASAN Radio və www.azvision.az xəbər saytıdır.


Tarix: 09-09-2019 11:28