Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Azərbaycan və Özbəkistan dövlət xidmətləri sahəsində əməkdaşlıq edəcək


3-6 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasında işgüzar səfərdə olub.

Səfərin məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması və ikitərəfli əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi olub.

Sözügedən Memorandum 4 oktyabr tarixində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyinin direktoru Xəlilillo Turaxujayev tərəfindən imzalanıb.

Anlaşma Memorandumu Azərbaycanın “ASAN xidmət” modeli əsasında Özbəkistan Respublikasında Dövlət Xidmətləri mərkəzlərinin yaradılmasını, müvafiq mərkəzlər üçün şəxsi heyətin hazırlanmasını, Azərbaycana və Özbəkistana tanışlıq səfərlərinin, habelə “ASAN xidmət” mərkəzlərində stajkeçmə və təcrübə proqramlarının, təlimlərin təşkilini nəzərdə tutur.

Müvafiq əməkdaşlıq çərçivəsində dövlət xidmətlərinin göstərilməsi və səmərəli idarəetmə mexanizmləri sahəsində vəziyyətə dair müxtəlif təbdirlər təşkil olunacaq. Həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaların tətbiqi, insan resursları bacarıqlarının artırılması, habelə  dövlət xidmətləri göstərən mərkəzlərin işinin idarə edilməsi, könüllülük, Səyyar ASAN xidmət sahəsində məsləhətləşmələr və mütəxəssis dəstəyi həyata keçiriləcək, beynəlxalq və ictimaiyyətlə əlaqələr istiqamətində strategiyalar, PR alətləri işləniləcək.

Səfər çərçivəsində  Dövlət Agentliyinin sədri Özbəkistan Respublikasının Ədliyyə naziri Ruslanbek Davletovla görüşüb.

Görüşdə son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət idarəetməsi sahəsindəki islahatlar və bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu təcrübəsi, dövlət xidmətləri sahəsində innovasiyaların tətbiqi müzakirə edilib. Həmçinin bu sahənin təkmilləşdirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Özbəkistan Respublikası Prezidenti yanında Layihələrin İdarəolunması Agentliyi və Buxara şəhəri Dövlət Xidmətləri mərkəzinin fəaliyyəti ilə tanış olub və dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində bir sıra səmərəli görüşlər keçirilib.

İkitərəfli görüşlər zamanı Dövlət Agentliyinin sədri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Əlavə olaraq qeyd edilib ki, Dövlət Agentliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə Azərbaycanda Biirləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu keçirilib və Forum çərçivəsində Azərbaycan rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülüb.  


Tarix: 07-10-2019 14:08