Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Xorvatiyalı və belaruslu qonaqlar “ASAN xidmət”də


4 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Xorvatiya Respublikasının Rəqəmsal Cəmiyyətin İnkişafı üzrə Mərkəzi Dövlət Ofisində Dövlət katibi Bernard Qrşiç və Belarus Respublikasının rabitə və informasiya naziri Konstantin Şulqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 Görüşlərdə “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

 Bildirilib ki, “ASAN xidmət” bu günədək 34 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) həmçinin 2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.

Qonaqlara, həmçinin Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verilib.

Xorvatiya tərəfi ilə keçirilən görüşdə “ASAN Viza” sahəsində əməkdaşlıq perspektivləri də müzakirə edilib.

Belarus tərəfi ilə keçirilən görüşdə isə 2018-ci il 17 may tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə  Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs ilə Belarus Respublikasının Milli Elektron Xidmət Mərkəzi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində imzalanmış Anlaşma Memorandumunun implementasiyası ilə əlaqədar məsələlər barədə müzakirələr aparılıb.

Həmçinin Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl modeli olan “ASAN xidmət”in xarici ölkələrdə tətbiqi perspektivləri üzrə fikir mübadiləsi aparılıb və hazırda davam etdirilən əməkdaşlıqdan bəhs olunub.

Dövlət Agentliyinin sədri cari ilin iyun ayında ölkəmizdə keçirilmiş BMT Dövlət Xidmətləri Forumu zamanı təsis olunmuş “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası” barədə məlumat verib və Belarus tərəfini müvafiq Assosiasiyada görməkdən məmnun olacağını qeyd edib.

Qonaqlar ASAN Radio, “ASAN Təlim-Tədris Mərkəzi”, “ABAD” publik hüquqi şəxsin fəliyyəti ilə də tanış olublar.


Tarix: 05-12-2019 11:24