İraq Daxili İşlər Nazirliyinin nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub
5 iyun 2014-cü il tarixində İraq Daxili İşlər Nazirliyinin baş inspektoru, general-polkovnik Haleem Alsodaninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olub.
Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.
Qonaqların diqqətinə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 1 850 000-dən çox vətəndaşa xidmət göstərilib.
Qonaqlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini təqdirəlayiq hesab edib, məhz bu təcrübənin İraqda tətbiqinin faydalı ola biləcəyini qeyd ediblər.
Qonaqlar Azərbaycan və İraq arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiyini bildiriblər. “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.