Dövlət Agentliyi xüsusi mükafata layiq görülüb
10 dekabr 2019-cu il tarixində Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən “Səfirlər proqramı”nın təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Azərbaycana işgüzar tədbirləri cəlb edən yerli assosiyasiya nümayəndələrinə, Azərbaycan Konqreslər Bürosu ilə aktiv şəkildə əməkdaşlıq etmiş İşgüzar Tədbirlər Sənayesi Alyansının üzvlərinə, işgüzar turizmə dəstək göstərən müxtəlif qurumlara mükafat və sertifikatlar təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2019-cu ildə ölkəmizdə keçirilmiş ən böyük tədbirlərdən biri olan BMT-nin Dövlət Xidmətləri Forumuna ev sahibliyi etməklə işgüzar turizmin inkişafına dəstək verdiyi üçün Azərbaycan Konqreslər Bürosu tərəfindən xüsusi mükafata layiq görülüb.
24-26 iyun 2019-cu il tarixində Bakıda Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu keçirilib. Forumun açılışında 100-dən çox ölkədən 1000-dək qonaq iştirak edib. Dövlət xidmətlərinin göstərilməsi sahəsində Şərqi Avropa regionunda təşkil olunan ilk BMT tədbiri olan bu Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli aktual mövzu üzrə seminar və 3 paralel tədbir təşkil edilib.
2003-cü ildən etibarən təşkil olunan Forum bu günə kimi ABŞ, İspaniya, Niderland Krallığı, Mərakeş və s. ölkələrdə keçirilib.
Forum dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və dövlət xidmətlərinin göstərilməsi sahəsində gündəmdə olan digər aktual məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsi üzrə universal platforma qismində çıxış edir.
Forumun Azərbaycan Respublikasında keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri mükafatına layiq görülməsidir.