Koreyanın səfiri “ASAN xidmət”də
17 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Op ilə görüşüb.
Görüşdə “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, “ASAN xidmət”də bu günədək 36 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) həmçinin 2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.
Görüşdə, həmçinin elektron xidmət sahəsi üzrə Azərbaycan-Koreya əməkdaşlıq əlaqələri müzakirə olunub.
Səfir Koreyanın aidiyyəti qurumları ilə Dövlət Agentliyi arasındakı faydalı əməkdaşlığa toxunub.
Görüşdə 2016-cı il avqust ayında Bakıda keçirilmiş “Azərbaycan-Koreya Əməkdaşlıq Forumu” çərçivəsində Dövlət Agentliyi ilə Koreyanın Daxili İşlər Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası ilə əlaqədar fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi də aparılıb.
Koreyalı səfir Dövlət Agentliyinin “ASAN Viza” layihəsini ən uğurlu layihələrdən biri kimi qiymətləndirib və bunun nəticəsində Koreyadan Azərbaycan gələn turistlərin sayının nəzərə çarpacaq qədər artdığını qeyd edib.
Eyni zamanda, qonaq “ASAN xidmət” mərkəzi, ASAN Radio, 108 Çağrı Mərkəzi, “ASAN Təlim-Tədris Mərkəzi” və “ABAD” publik hüquqi şəxsinin fəaliyyəti ilə də tanış olub.