Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət Agentliyinin sədr müavini Nepala səfər edib


26-28 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Nepala səfər edib. Ölkəmizin Hindistan Respublikasındakı səfirliyinin dəstəyi ilə həyata keçirilən səfər dövlət xidmətlərinin göstərilməsi, elektronlaşma, xidmətlərin inteqrasiyası, elektron hökumət və innovasiyaların tətbiqi sahəsində əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi və ikitərəfli əməkdaşlığın bu sahə üzrə daha da dərinləşdirilməsi məqsədi ilə reallaşdırılıb.

Səfər çərçivəsində Nepalın xarici işləri naziri, əmək, məşğulluq və sosial müdafiə naziri, immiqrasiya idarəsinin rəhbəri, eləcə də digər qurumların yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə ölkələr arasında olan işgüzar münasibətlər, eləcə də Nepalın müvafiq sahələrdə gördüyü səylərə daha da dəstək verilməsinə Azərbaycan tərəfinin hazırlığı qeyd olunub.

Həmçinin dövlət idarəetməsi sahəsində son dövrdə Prezident İlham Əliyev tərəfindən reallaşdırılan islahatlar, ASAN təcrübəsinin həyata keçirilməsi, dövlət xidmətlərinin göstərilməsi, elektron hökumət sahəsindəki uğurlu fəaliyyətin BMT tərəfindən mükafatlandırılması və digər beynəlxalq səviyyəli mükafatlar diqqətə çatdırılıb.

Nepal hökumətinin göstərdiyi fəaliyyətə “ASAN xidmət”in qabaqcıl təcrübəsi vasitəsi ilə xidmətlərin elektronlaşdırılması, inteqrasiya edilməsi, elektron hökumət alətlərinin tətbiqi sahəsində Azərbaycan tərəfindən dəstək verilməsi ilə əlaqədər əməkdaşlığın perspektivlərinin böyük potensialı vurğulanıb. Nepal tərəfi turizm potensialının daha da inkişafı üçün “ASAN Viza” təcrübəsinin tətbiqində də marağını ifadə edib.

Yüksək qonaqpərvərliklə keçirilən görüşlərdə  Azərbaycan tərəfinin bu marağı yüksək qiymətləndirilib və mövcud potensialdan istifadə edilməsi, münasibətlərin daha da dərinləşdirilməsi arzusu ifadə olunub.

Eləcə də keçən il Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü çərçivəsində Nepalın Baş Nazirinin ölkəmizə səfəri və xarici işlər nazirinin bu vəzifədə ilk dəfə olaraq məhz Azərbaycana səfər etməsi böyük məmnuniyyət hissi ilə qeyd edilib, bu əməkdaşlıqdan məmnunluq  və gələcəkdə onun konkret nəticələrinə böyük ümid vurğulanıb.

Dövlət Agentliyinin sədr müavini Nepal kütləvi informasiya vasitələrinə, o cümlədən ölkənin tanınmış və böyük oxucu kütləsinə sahib olan “New Business Age” mətbuat dərgisinə geniş müsahibə verib. Müsahibədə ikitərəfli münasibətlərin inkişafından, onun gələcək perspektivlərindən, Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübəsinin Nepalda tətbiqindən və qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə konkret layihələr əsasında həyata keçirilməsindən bəhs olunub.


Tarix: 30-01-2020 14:24