Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət Agentliyinin sədri İsrail səfiri ilə görüşüb


12 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.

Görüşdə “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, “ASAN xidmət”də bu günədək 37 milyondan çox müraciət qeydə alınıb. Bundan başqa vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015), həmçinin 2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.

Qonağa Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi fəaliyyət, layihələr, həmçinin “ABAD” publik hüquqi şəxsi barədə də məlumat verilib.

Eyni zamanda qonağa dövlət xidmətləri göstərən qurumların ASAN Beynəlxalq Assosiasiyası barədə də məlumat verilib. Səfir Azərbaycan tərəfinin təşəbbüsü ilə təsis olunmuş ASAN Beynəlxalq Assosiasiyasının fəaliyyətinə uğurlar arzulayıb və bu çərçivədə İsrailin müvafiq qurumunun da təmsil olunması məsələsini nəzərdən keçirəcəklərini diqqətə çatdırıb.

İsrail tərəfi innovasiyalar və startaplar sahəsində Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirərək müvafiq sahələr üzrə iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirilməsinin önəmini vurğulayıb.

Həmçinin Səfir 2017-ci ildən istifadəyə verilmiş “ASAN Viza” sistemindən sonra İsrail vətəndaşlarının Azərbaycana səfərlərinin daha da artdığını və ölkələrimiz arasında olan əlaqələrə müsbət töhfə verdiyini vurğulayıb.

 


Tarix: 12-03-2020 18:19