Dövlət Agentliyinin Aparat rəhbəri vebinarda çıxış edib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli videobağlantı vasitəsi ilə Asiya Diplomatik və Beynəlxalq Əlaqələr İnstitunun təşkil etdiyi “COVID-19 və Rəqəmsal İqtisadiyyat” mövzusundakı iclasda (vebinar) iştirak edib.
Moderatorluğunu Asiya Diplomatik və Beynəlxalq Əlaqələr İnstitunun Tədqiqat və inkişaf departamentinin direktoru Şyam KC.nin apardığı vebinarda Nepalın Yaşıl İnkişaf Bilik Platformasının rəhbəri Saurav Dakal və Annapurna Ekspresin baş redaktoru Bisvas Baral iştirak ediblər.
İclasda e-iqtisadiyyat, e-xidmətlər və onlara əlçatanlıq, bərabər imkanlar və infrastruktur elementləri, rəqəmsallaşmada detalların rolu və s. müzakirə edilib.
Azad Cəfərli COVID-19 ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası hökuməti tərəfindən görülən tədbirlər, onların uğurlu nəticələrindən bəhs edib. O, “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni qeyd edib. Diqqətə çatdırılıb ki, bu sistem şəffaflığı, çevikliyi və rahatlığı təmin etmək baxımından fərqlənib.
Həmçinin dövlət xidmətlərinin karantin rejimi dövründə keyfiyyətli şəkildə göstərilməsindən, elektron, fiziki, o cümlədən mobil xidmətlərin təqdim edildiyi dayanıqlı bir sistemin fəaliyyətinin təmin edilməsindən bəhs olunub.
Videobağlantı zamanı Azad Cəfərli pandemiya dövründə rəqəmsal iqtisadiyyatda baş verən dəyişikliklər, dövlət xidmətlərinin göstərilməsində rəqəmsallaşmanın önəmini də vurğulayıb.