“ASAN xidmət”-dən Qarabağ veteranlarına qayğı
26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü münasibəti ilə “ASAN xidmət” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində sosial məsuliyyət yönümlü aksiya keçirib. Aksiya çərçivəsində Səyyar ASAN xidmət vasitəsi ilə bir qrup Qarabağ müharibəsi veteranına ödənişsiz əsaslarla yeni ümumvətəndaş pasportları verilmişdir.
Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə “ASAN xidmət” bugünə kimi 100-ə yaxın kənardan qulluğa və yardıma ehtiyacı olan əlil və sağlamlıq imkanları məhdud uşaq, həmçinin cəzaçəkmə müəssisəsində 67 qadın məhkuma səyyar formada xidmətlərin həyata keçirilməsini təmin etmişdir.
Azərbaycan Respublikası Prezidentinin şəxsi təşəbbüsü olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətində vətəndaş məmnunluğunun təmin edilməsi ən ali məqsədlər sırasına daxil edilmişdir. Təsadüfi deyildir ki, “ASAN xidmət”- Xalqa xidmət deyimi bu fəaliyyət ilə tam səsləşir.
“ASAN xidmət” öz ənənəsinə sadiq qalaraq bu tipli sosial məsuliyyət yönümlü aksiyaların təşkil edilməsini mütəmadi qaydada həyata keçirir.