Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

ASAN Qlobal Veb Forumun açılış sessiyası keçirilib


14 may 2020-ci il tarixində  “Hökumətlər tərəfindən COVID -19-a qarşı görülən çevik tədbirlər” mövzusunda ASAN Qlobal Veb Forumun açılış sessiyası keçirilib.

Forumun açılış sessiyasının natiqləri İSESKO-nun Baş direktoru Salim M. Al-Malik,  BMT-nin İnkişaf Proqramının rəhbəri Akim Ştayner, Dünya İqtisadi Forumunun Prezidenti Borge Brende, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) rəhbərinin müavini Luk Devigne, Astana Hub Dövlət Xidmətləri Mərkəzinin İdarəetmə Komitəsinin sədri Alixan Baymenov, Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Təşkilatının (UCLG) Baş Katibi Jan Pyer Elonq Mbassi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev olublar.

Moderator isə məşhur jurnalist və futuroloq (CNN, TEDx, Forbes) İan Xan olub.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev xüsusi əhəmiyyət kəsb edən bu Forumun dünyanın müxtəlif yerlərindəki qərar qəbul edən şəxslərin təcrübələrini bölüşmələri üçün faydalı platforma olduğunu və COVID-19-la mübarizədə birgə səylərin vacibliyini vurğulayıb. Natiq diqqətə çatdırıb ki, pandemiya ilə mübarizə çərçivəsində ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan Hökuməti bütün zəruri, təcili tədbirləri həyata keçirib və nəticədə Azərbaycan pandemiyadan ən az zərər çəkən ölkələr sırasındadır. Həmçinin pandemiya dövründə   dövlət və özəl xidmətlərin vahid məkandan göstərilməsi üzrə Azərbaycan brendi olan  "ASAN xidmət" vasitəsi ilə texnoloji və innovativ həllərlə rahat, çevik və fasiləsiz çıxış təmin edilib. Azərbaycan istər pandemiya ilə mübarizə, istərsə də dövlət xidmətlərinin çatdırılması ilə bağlı müsbət təcrübəsini paylaşmağa hazırdır.


İSESKO-nun Baş direktoru Salim M. Al-Malik COVID – 19 pandemiyası ilə mübarizədə müasir informasiya texnologiyaları vasitəsi ilə əlaqələndirilmiş beynəlxalq əməkdaşlığın, mədəni dəyərlərin və təhsilin qorunmasının vacibliyini vurğulayıb.   O, həmçinin  təşkilata üzv 54 İslam Dünyası ölkəsində təhsil, elm, mədəniyyət və sosial inkişaf istiqamətində dövlət xidmətlərinin göstərilməsi və  yaxşı idarəçilik sahələrinin təkmilləşdirilməsi üzrə İSESKO-nun ASAN Mükafatının təsis edildiyini vurğulayıb.

BMT-nin İnkişaf Proqramının rəhbəri Akim Ştayner Azərbaycan Hökumətinə pandemiyanın təxirəsalınmaz çətinliklərini həlli istiqamətində göstərdiyi səylərə və əhalinin həssas qrupları üçün sosial yardımları artıraraq effektiv cavab tədbirlərini həyata keçirdiyinə görə təşəkkür edib.

Dünya İqtisadi Forumunun Prezidenti Borge Brende  pandemiya şəraitində görülən tədbirlərin  sosial-iqtisadi və ictimai səhiyyə sahələrində  ortaya çıxan dəyişikliklərlə uzlaşmalı olduğunu vurğulayıb. Həmçinin ifadə olunub ki, bugünkü Veb Forum daha dərin əməkdaşlığın qurulması istiqamətində növbəti addımdır  və böhranın aradan qaldırılması istiqamətində yeni dəyişikliklər üçün açar rolunu oynayır.

Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) rəhbərinin müavini Luk Devigne Avropa İttifaqı adından Forumun təşkilatçısı “ASAN xidmət”ə təşəkkürünü bildirib və “ASAN xidmət”lə tanışlığı zamanı rəqəmsal innovasiyalar,  effektiv xidmətlərin göstərilməsinin  onda xoş təəssürat yaratdığını vurğulayıb. COVID-19 ilə mübarizədə qlobal  məsuliyyətin, ideya və həll yollarının paylaşılmasının vacibliyini vurğulayan natiq çoxtərəfli əməkdaşlığın qurulması istiqamətində Azərbaycanın Qoşulmama Hərəkatı Sammitinə rəhbəri kimi innovativ təşəbbüslərini təqdirəlayiq hal kimi qiymətləndirib.  

Astana Hub Dövlət Xidmətləri Mərkəzinin İdarəetmə Komitəsinin sədri Alixan Baymenov Azərbaycanın “Xüsusi Karantin Rejimində İcazələrin Alınması və Monitorinqi Sistemi" ilə bağlı uğurlu təcrübəsi əsasında Qazaxıstan vətəndaşlarının hərəkəti üçün onlayn qeydiyyat sisteminin hazırlandığını diqqətə çatdırıb.

Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Təşkilatının (UCLG) Baş Katibi Jan Pyer Elonq Mbassi Qlobal Forumda iştirakından məmnunluğunu və koronavirus pandemiyası ilə əlaqadar  yaranmış bu çətin, dəyişkən dövrdə Azərbaycan təcrübəsinin Afrika ölkələrində tətbiqində maraqlı olduğunu  bildirib. Qeyd olunub ki, vətəndaşyönümlü ağıllı həllərin tətbiqi istiqamətində dünya üçün nümunəvi model olan  “ASAN xidmət” və Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Təşkilatı arasında Əməkdaşlıq Memorandumları üzrə davamlı əlaqələr mövcuddur. 

ASAN Qlobal Veb Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə reallaşdırılır.

Məqsəd pandemiya dövründə dövlət xidmətlərinin göstərilməsi sahəsində effektivliyi, əlçatanlığı, eyni zamanda pandemiya ilə mübarizə kontekstində və ondan sonrakı dövrdə sosial innovasiyaların, smart həllərin əvəzedilməz rolunu müzakirə etməkdir. Habelə innovativ yanaşmalar və mexanizmlər istiqamətində  təcrübə mübadiləsi əsas prioritetlərdir.

2 günlük Forum açılış, bağlanış sessiyalarından və 4 fərqli mövzulu paneldən ibarət olacaq.

#globalforum  #publicservices #innovativeapproach #pandemic #smartsolutions #digitalapproach #egovernment #asanservice #globalforum2020 #webconference


Tarix: 14-05-2020 16:42