Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“Rəqəmsal Jurnalistikaya doğru” proqramı başa çatıb


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “PAŞA Holding”in sponsorluğu ilə reallaşdırılan “Rəqəmsal Jurnalistikaya doğru” proqramı uğurla başa çatıb. Proqramın onlayn formatda həyata keçirilən bağlanış mərasimində proqram iştirakçıları və təlimçilər iştirak ediblər. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə elektron hökumət quruculuğu, rəqəmsallaşma ilə bağlı maarifləndirmə sahəsində medianın vacib rolunu diqqətə çatdırıb. Dövlət Agentliyinin sədri kütləvi informasiya vasitələrinin nümayəndələrinin bu sahədə fəaliyyətini yüksək qiymətləndirərək onlara öz təşəkkürünü ifadə edib. 

“Rəqəmsal Jurnalistikaya doğru” proqramı iki mərhələdən ibarət olub. Birinci mərhələdə müvafiq kriteriyalar üzrə seçilmiş iştirakçılar üçün xüsusi proqram üzrə təlimlər keçirilib. 17 - 20 iyun tarixində vebinar formatında baş tutan təlimlər  “Jurnalistikada son trendlər”, “Jurnalistikada etik qaydalar və media qanunu”, “Elektron layihələr”, “Rəqəmsal bankçılıq”, “Elektron hökumət portalları”, “Startaplar”, “Süni intellekt”, “Blokçeyn texnologiyaları” və digər mövzuları əhatə edib.

Proqramın ikinci mərhələsində isə vebinar təlimlərini uğurla bitirmiş iştirakçılar arasında yazı müsabiqəsi keçirilib. Proqramın bu hissəsində seçilmiş mövzular üzrə real halların araşdırılması və həmin istiqamət üzrə rəqəmsal xidmətlərin oxucu dilinə çevrilməsi həyata keçirilib. 

Proqram iştirakçılarının mövzulara stimulunun artırılması məqsədi ilə münsiflər heyəti tərəfindən müəyyən olunmuş ən yaxşı məqalələrin müəllifləri pul mükafatı ilə mükafatlandırılıblar. I yerin sahibi  Rəşad Cəfərov 1000 AZN, II yerin sahibi Anzulə Pərvizqızı 700 AZN, III yerin sahibi Fərman Nəbiyev isə 500 AZN pul mükafatına layiq görülüblər.

Proqramda informasiya texnologiyaları, elektron hökumət, elektron xidmətlər, rəqəmsal həllər üzrə çalışan media nümayəndələri, həmçinin bu sahədə öz biliklərini artıraraq gənc bloger kimi yetişmək və cəmiyyətin maarifləndirilməsi istiqamətində töhfə vermək istəyən şəxslər iştirak ediblər.
    
Bundan başqa, proqramı müvəffəqiyyətlə başa vuran iştirakçılar Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən elektron sertifikatlarla təltif olunublar.
    
Proqramın əsas məqsədi media nümayəndələrinin rəqəmsal hökumət sahəsindəki trendlər, elektron xidmətlər və həllər haqqında məlumatlandırılmaları və bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğinin təmin edilməsidir.
    
Elektron Hökumətin İnkişafı Mərkəzi “myGov”, “e-Gov” elektron hökumət portallarını, “ASAN Login, “ASAN Finans”, “ASAN ödəniş” sistemi, “ASAN viza”, eləcə də “e-Satınalma”,“e-agro”, “e-hərrac”, ADRA icazələr sistemi, tikintiyə icazə sistemi və digər elektron dövlət layihələrini idarə edir. Bundan başqa Mərkəz “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirib.


Tarix: 08-07-2020 14:21