“Koreyanın Elektron Hökumət üzrə İnkişaf Strategiyası’’ mövzusunda seminar təşkil olunub
9 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Koreyanın Elektron Hökumət üzrə İnkişaf Strategiyası’’ mövzusunda onlayn seminar təşkil olunub. Seminar Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) təşkil etdiyi “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları üçün vətəndaşlara xidmət sahəsi üzrə potensialın artırılması’’ mövzusunda təlim proqramında qazanılmış biliklərin Dövlət Agentliyinin əməkdaşları arasında mübadiləsi məqsədi daşıyıb.
Həm Dövlət Agentliyinin Aparatının, həm də Bakı və regional “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarını əhatə edən 150-dən çox iştirakçının qoşulduğu seminarın açılış sessiyasında KOICA Azərbaycan Nümayəndəliyinin Ölkə üzrə Direktoru Park Kumok və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli çıxış ediblər.
Park Kumok “ASAN xidmət”in Azərbaycanda vətəndaşların məmnunluğuna nail olunması və etimadın qazanılması baxımından dövlət xidmətlərinin göstərilməsi sahəsində fəaliyyətini yüksək qiymətləndirib. Diqqətə çatdırılıb ki, Azərbaycanın brendi olan “ASAN xidmət” modelini tətbiq etməklə digər ölkələr də faydalana və uğurlu nəticələr qazana bilər.
Dövlət Agentliyinin Aparat rəhbəri Azərbaycanda dövlət xidmətləri, informasiya texnologiyaları üzrə insan resurslarının inkişafı sahəsində əməkdaşlığa görə Koreya Respublikasına, xüsusilə də KOICA-ya təşəkkür edib. O, əməkdaşlığın davam etdirilməsinə Dövlət Agentliyinin hazır olduğunu ifadə edib və bu istiqamətdə birgə səylərin təqdir olunduğunu diqqətə çatdırıb.
Sonra 2019-cu ildə Koreyada təşkil olunmuş seminarda iştirak etmiş Dövlət Agentliyinin əməkdaşları Asif Əzizov və Nəzrin Əliyeva müvafiq təqdimatlarla çıxış ediblər. Onlar Koreyada elektron hökumət konsepsiyasının yaranması və inkişafı, bu ölkənin e-hökumət strategiyasının inkişaf mərhələləri, vahid e-gov portalı, məlumat mübadiləsi sistemi və s. haqqında geniş məlumat veriblər.
Təqdimatdan sonra çoxsaylı suallar və şərhlər verilib, tədbir maraqlı müzakirələrlə davam edib.
KOICA rəhbəri tədbirdən məmnunluğunu ifadə edərək gələcək əməkdaşlığın da faydalı olacağını bildirib.
“ASAN xidmət” ölkə üzrə KOICA təlim proqramından yararlanan ilk qurumdur. “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları üçün vətəndaşlara xidmət sahəsi üzrə potensialın artırılması’’ mövzusunda təlim proqramı 2017-2019-cu illəri əhatə edib və ümumilikdə 50-dən çox əməkdaş müvafiq seminarlarda iştirak edib.