Dövlət Agentliyi BMT-nin ekspert toplantısında təmsil olunub
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Təşkilatı (UNCTAD) tərəfindən istehsal potensialın artırılması və dayanıqlı inkişaf üçün investisiya, innovasiya və sahibkarlıq üzrə çoxillik ekspert qrupunun 8-ci sessiyası keçirilib. Mövcud pandemiya ilə əlaqədar BMT-nin Cenevrə şəhərindəki mənzil qərargahında fiziki məhdudiyyətlərin qüvvədə olması səbəbindən iclas onlayn formatda keçirilib.
Əsas məqsəd ötən üç sessiyanın yekunlarını bir araya gətirmək və bu sahədə siyasətin formalaşdırılması perspektivini müzakirə etmək olub. Sessiyaların mövzularından biri dayanaqlı inkişaf məqsədlərinə nail olmaq üçün elm, texnologiya və innovasiyaların effektiv istifadəsi olub.
İclasda investisiya və sahibkarlıq sahəsində tendensiyalar, habelə elm, texnologiya və innovasiya sahəsində inkişaf və yeniliklər barədə fikir mübadiləsi aparılıb.
Ekspert qrupunun sessiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri Azər Bayramov iştirak edib və Azərbaycan Respublikasında COVID-19 ilə mübarizədə texnoloji innovasiyaların rolu barədə çıxış edib. Çıxışda Azərbaycanda innovasiya sahəsində görülən işlər, habelə pandemiya dövründə Agentliyin innovasiya sahəsinə göstərdiyi dövlət dəstəyi barədə iştirakçılara məlumat verilib.
Sessiyanın yekunları 2021-ci ilin aprel ayında keçiriləcək BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı təşkilatının 15-ci sessiyasına (Nazirlər toplantısı) təqdim olunacaq.