ASAN könüllüləri beynəlxalq könüllü və gənclər təşkilatlarına müraciət ünvanlayıblar
“ASAN Könüllüləri” Təşkilatı Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi son təxribatlar, o cümlədən Silhalı Qüvvələrimiz tərəfindən ərazi bütövlüyümüzün bərpa edilməsi ilə bağlı apardığı haqq işi barədə beynəlxalq könüllü və gənclər təşkilatlarına müraciət ünvanlayıb.
Sənəd BMT könüllülərinin, Avropa Komissiyasının Avropa Könüllülük Xidmətinin, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının, Avropa Gənclər Parlamentinin, AIESEC-in, eləcə də digər beynəlxalq təşkilatlara göndərilib.
Müraciətdə dünya ictimaiyyəti tərəfindən Azərbaycan torpaqları kimi tanınan ərazilərin 30 ilə yaxındır ki, təcavüzkar erməni işğalına məruz qaldığı diqqətə çatdırılıb. Eyni zamanda cari ilin 10 oktyabr tarixində imzalanmış atəşkəs tələblərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən kobud şəkildə pozulduğu, azərbaycanlı mülki əhaliyə qarşı mütəmadi olaraq təxribatların və terror aktlarının törədildiyi, bunun nəticəsində isə çoxlu sayda ölən və yaralıların olduğu bildirilib.
ASAN könüllüləri beynəlxalq ictimaiyyəti və dünyanı hər zaman yaxşıya doğru dəyişməyi bacaran gəncləri ədalətsizliyə qarşı birgə mübarizə aparmağa və Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə göz yummamağa çağırırlar.