Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb


2 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN xidmət indeksi” üzrə 2019-2020-ci il qiymətləndirmə nəticələrinə dair onlayn təqdimat keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığının icrası “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli 262 nömrəli Fərmanına əsasən 2020-ci ildə də davam etdirilib.

Təqdimatda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiylar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iştirak edib.

Bildirilib ki, 2019-2020-ci illər ərzində Dövlət Agentliyi tərəfindən 25 mərkəzi icra hakimiyyəti orqanının 270 xidməti, Bakı şəhərinin 13 yerli icra hakimiyyəti orqanının 229 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 55 xidməti daxil olmaqla, ümumilikdə 554 xidmət qiymətləndirilib.

Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

Sonda tədbir sual-cavab hissəsi ilə davam etdirilib.


Tarix: 02-11-2020 16:53