Səyyar ASAN xidmət Qubada
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edir.
Cari ilin 7 –16 avqust tarixində Quba, Qusar və Xaçmaz rayonlarının 415 000-dən artıq sakini Səyyar ASAN xidmətdən Quba şəhərində yararlana biləcəkdir. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
- Notariat fəaliyyəti;
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
- Əmək pensiyalarının təyin edilməsi;
- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
2014-cü ilin dekabr ayına qədər Səyyar ASAN xidmət vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.