"YAŞAT" əməkdaşları yaralananlar və şəhid ailələri ilə görüşürlər
"YAŞAT" Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlara üz tutmağa başlayıblar. Bu məqsədlə müvafiq əməkdaşlardan ibarət 69 qrup formalaşdırılıb və onlar aidiyyəti üzrə təlimlərə cəlb olunub. Həmçinin qruplar zəruri planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır.
Prosesdə "YAŞAT" Fondunun və "ASAN xidmət" mərkəzlərinin əməkdaşları, ASAN könüllüləri iştirak edirlər. "YAŞAT" Fondunun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar.
Həyata keçirilmiş tədbirlər çərçivəsində bütün şəhid ailələrinin yaşadıqları ünvanlar müəyyənləşdirilib, yaralananlarla bağlı siyahılar üzrə işlər isə yaxın günlərdə tam yekunlaşacaq.
“YAŞAT" Fondunun “Çağrı” Mərkəzi və elektron platforması qısa zamanda fəaliyyətə başlayacaq.
Bu günə qədər “YAŞAT" Fondu üçün həyata keçirilmiş ianələrin məbləği 10 milyon manatdan çoxdur. Fondun fəaliyyəti çərçivəsində müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacları yaxın müddətdə qarşılanacaq.