Beynəlxalq Konfransın iştirakçıları “ASAN xidmət” mərkəzi ilə tanış olublar
11 sentyabr 2014-cü il tarixində Avropa Şurasının (AŞ) üzv dövlətlərində Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrasına dair Konfransın iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olublar.
Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.
Qonaqların diqqətinə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 2 700 000-dən çox vətəndaşa xidmət göstərilib.
Qonaqlar Azərbaycan və Avropa Şurası arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiyini bildiriblər. “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.