Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“İnnovasiyalar Mərkəzi” tərəfindən Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü ilə bağlı görüş keçirilib


Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən insan fəaliyyətinin müxtəlif sferalarında yaradıcılığın və innovasiyaların rolunun əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə 21 aprel “Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü” kimi təsis olunub.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin ASAN könüllüləri ilə görüşü baş tutub.

Görüşdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, “İnnovasiyalar Mərkəzi”nin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndələri, “ASAN Könüllüləri” Təşkilatının sədri və 100-dən artıq könüllü iştirak edib.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov ölkəmizdə gənclərin innovasiyaların tətbiqinə və istifadəsinə səfərbər olmasının innovasiya təşəbbüskarlığının təbliğinə, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsinə, həmçinin yeni innovativ ideyaların formalaşmasına böyük dəstək göstərdiyini bildirib.  O, həmçinin dünya əmək bazarında müasir çağırışlar, dünyada innovasiya və ixtiraçılıq sahəsində əsas trendlər və  ölkəmizdə pandemiya dövründə yaradıcı sənayelərin vəziyyəti, ölkəmizdə kreativlik və innovasiya sahələrinin inkişaf tendensiyaları və bu istiqamətdə Dövlət Agentliyinin rolu barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə “İnnovasiyalar Mərkəzi”nin fəaliyyəti, innovativ layihələr,  startapları təşviq edən və gənclərin biznes ideyalarının həyata keçirilməsinə dəstək göstərən “Azərbaycan 500 ASAN Startap” proqramı və “Gələcək üçün bacarıqlar” layihəsi haqqında danışılıb. 

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti, tədbirlər və startapların inkişafına göstərilən dəstək alətləri, “Azərbaycan İnnovasiyalar Evi” və “Tech Diaspora”nın fəaliyyəti və gənclər üçün mərkəzdə bu günə kimi formalaşdırılan imkanlar barədə də ətraflı məlumat verilib. 

"ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova Təşkilatın fəaliyyəti barədə məlumat verərək bildirib ki, bu günün gəncləri innovasiya ekosisteminin inkişafına dəstək verməklə yanaşı, həm də aidiyyəti problemlərin həll yollarını tapmaq üçün yeni, innovativ texnologiyaların tətbiqindən məharətlə istifadə edir, cəmiyyətin diqqətini bu sahənin inkişafına yönəltməyi bacarırlar.

Sonda tədbirdə iştirak edən könüllülərin sualları cavablandırılıb və görüş müzakirələrlə davam edib.


Tarix: 21-04-2021 17:20