Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət Agentliyinin sədri Daşkənd Hüquq Forumunda çıxış edib


23 aprel 2021-ci il tarixində  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Daşkənd Hüquq Forumunda iştirak edib.  

Forum Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 22-23 aprel tarixlərində onlayn formatda təşkil edilir.

“ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsinin innovativ formatı kimi” mövzusundakı çıxışında Dövlət Agentliyinin sədri ölkəmizdə “ASAN xidmət”in yaradılması, qurum tərəfindən vətəndaşlara xidmət sahəsində görülən işlər, sosial innovasiyalar barədə məlumat verib. Həmçinin idarəçilikdə rəqəmsal texnologiyalar, elektron hökumətin inkişafı üzrə əldə edilən nailiyyətlərdən bəhs edilib, bu sahələrdə beynəlxalq əməkdaşlığın vacibliyi və faydalılığı qeyd edilib.

Forumun “Dövlət xidmətləri sahəsində ən yaxşı təcrübələr” adlanan dəyirmi masasında "ASAN xidmət" modeli barədə məlumatlar tədbir iştirakçılarının böyük marağına səbəb olub və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Beynəlxalq Daşkənd Hüquq Forumunun məqsədi hüquq sahəsinin problemləri və onun inkişafı tendensiyalarını müzakirə edəcək yerli və beynəlxalq ekspertlər üçün açıq dialoq platformasının yaradılmasıdır. Tədbirdə müxtəlif ölkələri və beynəlxalq təşkilatları təmsil edən çox saylı yüksək vəzifəli şəxs, hüquq, beynəlxalq münasibətlər, iqtisadiyyat üzrə ekspertlər, beynəlxalq hüquq şirkətlərinin nümayəndələri iştirak edirlər. Builki Forumun mövzusu “Hüquq 4.0. Dördüncü sənaye inqilabı şəraitində hüquqa baxış”dır.


Tarix: 23-04-2021 15:21