Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans davam edir


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə rəqəmsal formatda baş tutan “Rəqəmsal idarəetmədə süni intellekt” (AIFORDIGIGOV) mövzusunda beynəlxalq konfrans davam edir. Tədbirin ikinci günündə ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən “Gələcəyi birlikdə şəkilləndirək” mövzusunda açılış nitqlərində Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və “Türksat”ın direktoru Hasan H. Ertok çıxış ediblər.

 Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “ASAN xidmət” modeli haqqında söhbət açıb. İlkin mərhələdə ayrı-ayrı məkanlarda təqdim edilən xidmətlərin bir mərhələyə toplandığını bildirən sədr müavini hazırki mərhələdə bir məkandan təqdim edilən xidmətlərdən fasiləsiz xidmətlərə keçidin təmin edildiyini vurğulayıb. Nümunə olaraq reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi həyata keçirən “myGov” şəxsi kabinet əsaslı elektron hökumət platforması göstərilib. Süni intellekt mövzusunda toxunan Ceyhun Salmanov yeni nəsil texnologiyalar vasitəsilə gündəlik işlərin avtomatlaşdırılması sayəsində qərar verməyə daha çox zamanın olacağını vurğalayıb.

PAŞA Holdinq, Azərbaycan Beynəlxalq Bankı, “BesComp” və bp şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçirilən konfrans dünya şöhrətli alim Lütfi Zadənin əziz xatirəsinə həsr olunur.

Günün birinci yarısında iki panel müzakirəsi təşkil olunub. Lütfi Zadə Texnologiya Mərkəzinin direktoru İmran Bağırovun moderatorluğu ilə keçirilən “Süni intellektin etikası” mövzusunda ilk panel müzakirəsində Avropa Şurasının Süni İntellekt üzrə Komitəsinin sədri Qreqor Strojin, “Microsoft”un Mərkəzi və Şərqi Avropa Bölgəsindəki 24 ölkə üçün Milli Texnologiya Siyasətləri və Strategiyaları direktoru Mixail Şmelev və “OdiseIA”ın prezident və təsisçisi Idoia A. Salazar çıxış ediblər.

Kanada təbii sərvətlər departamentinin nümayəndəsi Vik Pantın moderatorluğu keçirilən “Süni intellekt üzrə dövlət strategiyaları” mövzusunda panel müzakirələrində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin innovasiyalar və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, “e-Estonia” brifinq mərkəzinin rəqəmsal transformasiya məsləhətçisi Anet Numa və “AI Singapore”un direktor müavini Sengmeng Koo çıxış ediblər.

Günün ikinci yarısında təşkil olunan sessiyalar “PwC”nin süni intellekt və texnologiya lideri Maykl Berns və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının kəşfiyyat rəhbəri Leyla Seyidzadənin moderatorluğu ilə keçirilib. Sessiyalarda Azərbaycan Beynəlxalq Bankının baş direktoru Nihat Şenyuva, PAŞA Bankın İdarə Heyətinin üzvü Bəhruz Nağıyev, “GazProm Bank”ın rəqəmsallaşma üzrə vitse-prezidenti Aleksey Kotlov, “AI Governance International”ın təsisçisi Ana Çubinidze, Avropa Şurası Süni İntellekt üzrə Komitədə Gender Bərabərliyi Məruzəçisi Yana Novohradska, “Givetastic”in icraçı direktor və təsisçisi Vidya M. Müller, Aqrar Elm və Innovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasov çıxış ediblər.

Tədbir çərçivəsində, həmçinin data yarışması öncəsi təlim (workshop) təşkil olunub və "Kaggle" platforması üzərində keçirilən data yarışmasına start verilib.


Tarix: 27-04-2021 15:44