Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsinin açılış tədbiri keçirilib


11 iyun 2021-ci il tarixində Gəncə şəhərində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsinin açılış tədbiri keçirilib.

Layihənin məqsədi regionlarda startapların inkişafını təmin edəcək ekosistemin formalaşmasını dəstəkləmək, regional potensialı artırmaq istiqamətində əlverişli şəraiti gücləndirməkdir. O cümlədən startapların inkişafı üçün yerli institusional strukturu təkmilləşdirilmək və texnoloji bilik əsaslı tərəfdaşlıqları inkişaf etdirmək əsas istiqamətlərdəndir.

Layihə ilk növbədə regionlarda texnoloji startaplar üçün əlverişli şəraitin yaradılması, texnoloji startapların inkişafına dəstək üçün real işlək və institusional mexanizmlərin hazırlanması və gücləndirilməsi, məlumatlandırma və maarifləndirmə işlərinin aparılması kimi 3 komponentdən ibarətdir. Tədbirdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Asiya İnkişaf Bankının missiya rəhbəri Kəndis Makdeyqan, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Azərbaycan Texnologiya Universitetinin prorektoru Vüqar İsmayılov iştirak ediblər. Ceyhun Salmanov Agentliyin fəaliyyəti, regionlarda innovasiya və startap ekosisteminin yaradılması və inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin adıçəkilən fəaliyyətlərdə müxtəlif dövlət qurumlarının, şirkətlərin və universitetlərin səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universiteti arasında “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumu imzalamış universitetlər, həmçinin, bu istiqamətdə “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi ilə də əməkdaşlığa başlayıb Bununla da müvafiq layihə ilə əməkdaşlıq memorandumu imzalamış və prosesə qoşulmuş universitetlərin sayı 7-yə çatıb.

Tədbir çərçivəsində Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin innovasiya ekosistemi ilə tanışlıq da həyata keçirilib.

Xatırladaq ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.


Tarix: 11-06-2021 16:36