Beynəlxalq konfransın iştirakçıları “ASAN xidmət” mərkəzləri ilə tanış olublar
24 sentyabr 2014-cü il tarixində Bakıda keçirilən “İnsan hüquqları və qabaqcıl idarəçilik kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 və 4 saylı Bakı “ASAN xidmət” mərkəzləri ilə tanış olublar.
Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət”-in fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.
Səyyar ASAN xidmət avtobusu ilə yaxından tanış olan qonaqlar belə xidmətin dövlət idarəçiliyində örnək addım olduğunu qeyd edib, bu təcrübənin bir çox dövlətlərdə tətbiqinin müstəsna əhəmiyyətini vurğulayıblar.
Qonaqlara ,həmçinin, İnnovativ tətbiqlər - “Müraciət köşkü”, “Elektron ərizə” avadanlığı və digərləri də nümayiş etdirilib.
Diqqətə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 3 000 000-a yaxın vətəndaşa xidmət göstərilib.
“ASAN xidmət” mərkəzlərində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.