Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“Azərbaycan 500 ASAN Startap Proqramı”nın yekun tədbiri keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin  təşkilatçılığı və “PAŞA Holdinq”in baş sponsorluğu ilə həyata keçirilən “Azərbaycan 500 ASAN Startap Proqramı”nın yekununa dair onlayn tədbir təşkil olunub. 


Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “500 Startups” şirkətinin regional direktoru Pedro Vieira, “PAŞA Holdinq”in direktor müavini Fərid Məmmədov, innovasiya və startap ekosisteminin oyunçuları iştirak ediblər. 


Tədbirin proqramına əsasən, “Azərbaycan 500 ASAN Startap Proqramı”nı müvəffəqiyyətlə başa vuran 10 startap komandası  - “Tinyworks”, “Uniforius”, “Medicall”, “Skaut”, “Taskilled”, “ReTrip”, “Rihand”, “Talant.az”, “Booknote” və “QMS” iştirakçılara öz layihələrini təqdim ediblər. 


5 fevral 2021-ci il tarixindən start verilmiş “Azərbaycan 500 ASAN Startap Proqramı”ına qoşulmaq üçün qeydiyyatdan keçən 1268 iştirakçı arasından tələb olunan bütün meyarlara uyğun 367 iştirakçı seçilib. İlkin mərhələni uğurla başa vuran 53 iştirakçıdan ibarət 18 komanda yaradılıb. Sonrakı mərhələdə 10 komanda (27 iştirakçı) seçilərək proqramın qalan mərhələlərində iştirak edib. Proqramın icrası "500 Startups" şirkəti tərəfindən həyata keçirilib və təlimlər şirkətin beynəlxalq mentorları tərəfindən aparılıb. 


Proqram müddətində iştirakçılar “Startap quruculuğu və komanda formalaşması”,  “Startup booster”, “Müştəri və bazarın təhlili” və “Prototipin hazırlanması və təkmilləşdirilməsi” kimi fərqli mövzularda bir sıra təlimlər və sessiyalarda iştirak ediblər. 


Dünyada innovasiya və startap ekosisteminin inkişafında qabaqcıl şirkətlərdən olan “500 Startups” bu günə qədər 75-dən çox ölkədə layihələr həyata keçirib. Şirkət 2500-dən çox startapa investisiya qoyuluşunda iştirak edib. Son 10 il ərzində 33 “Unikorn” və 100-dən çox “Sentavr” şirkəti olan “500 Startups” qlobal innovasiya ekosisteminin aparıcı oyunçularından biridir. 


Xatırladaq ki, 24 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə “500 Startups” şirkəti arasında əməkdaşlığa dair memorandum və Azərbaycanda startapların inkişafı üzrə proqramların həyata keçirilməsi ilə bağlı müqavilə imzalanıb.

“Azərbaycan 500 ASAN Startap Proqramı”nın məqsədi ölkəmizdə potensial startap qurucuları arasında innovativ sahibkarlığa həvəs və implus yaratmağa kömək etmək, yeni startapların qurulmasını sürətləndirmək idi.


Tarix: 10-09-2021 16:20