Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət Agentliyinin sədri 4-cü “Texnofest” Festivalında iştirak edir


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərində 4-cü “Texnofest” Festivalında iştirak edir.

2018-ci ildən etibarən təşkil olunan “Texnofest” innovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərdən hesab olunur. Festivalın keçirilməsinin əsas məqsədlərindən biri gənclərin qeyd olunan sahələrə diqqətini cəlb etmək və müvafiq istiqamətlər üzrə inkişafı təmin etməkdir.

Tədbir çərçivəsində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə "Baykar Makina" şirkətinin rəhbəri, "Türkiyə Texnologiya Komandası” Fondunun İdarə Heyətinin sədri Haluk Bayraktar tərəfindən iki sənəd imzalanıb.

İlk olaraq innovasiya və texnologiya sahəsi üzrə “Bilim Bakı” mərkəzinin yaradılmasına dair Əməkdaşlıq Protokolu imzalanıb. Sözügedən Mərkəz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin açılışı yaxın müddətdə nəzərdə tutulan növbəti "ASAN Həyat" kompleksində fəaliyyət göstərəcək. Mərkəzdə texnologiya, süni intellekt, əşyaların interneti, robototexnika və proqramlaşdırma, kibertəhlükəsizlik, enerji texnologiyaları, riyaziyyat, təbiət elmləri, astronomiya, kosmos və aviasiya və digər istiqamətlərdə təlimlər keçiriləcək.

İkinci  sənəd Dövlət Agentliyi ilə "Baykar Makina" şirkəti arasında dövlət-özəl tərəfdaşlığı çərçivəsində Memorandumdur. Memoranduma əsasən Azərbaycanda innovasiya və texnologiya sahəsi üzrə birgə müəssisənin və tədqiqat-araşdırma mərkəzinin qurulması nəzərdə tutulub. Məqsəd innovativ texnoloji məhsul və avadanlıqların istehsalı və ya təkmilləşdirilməsi, sifarişlər əsasında yeni həllərin hazırlanması, həmçinin innovasiya sahəsində tədqiqat və araşdırma işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturun yaradılması, innovasiya məhsullarının ixracı sahəsində birgə layihələrin həyata keçirilməsidır.


Tarix: 22-09-2021 14:25