BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark
3 oktyabr 2014-cü il tarixində Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sumqayıt “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olub.
Qonağı salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.
Qonaq BMT-nin İnkişaf Proqramının dövlət xidmətlərinə çıxış üçün vahid məkan olan "ASAN xidmət" yaradılmasını alqışladığını bildirib. Dövlət xidmətlərin həyata keçirilməsində vətəndaşların əlavə vaxt və xərclərinin xeyli azaldığını qeyd edən qonaq "ASAN xidmət" təcrübəsinin müvafiq sahəni müasirləşdirməyə çalışan digər ölkələrdə də maraq doğurduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, “ASAN xidmət” mərkəzlərində bügunədək 3 000 000-a yaxın vətəndaşa xidmət göstərilib.
Qonaq Azərbacan Respublikası və BMT arasında uğurlu əməkdaşlıqdan bəhs edərək Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutduğunu qeyd edib. “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.