Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Böyük Britaniya Baş nazirinin ticarət üzrə səfiri Lord Risbinin başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub


7 oktyabr 2014-cü il tarixində Böyük Britaniya Baş nazirinin ticarət üzrə səfiri Lord Risbinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olub.

Qonaqları salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

“ASAN xidmət” mərkəzini dövlət xidmətlərinin həyata keçirilməsində innovativ və mütərəqqi təcrübə hesab edən qonaqlar müvafiq sahənin təkmilləşdirilməsi  üçün bu yanaşmanın dünyəvi model olduğunu qeyd ediblər 

Mərkəzdə tətbiq olunan innovativ avadanlıqlar - “Müraciət köşkü”, “Elektron ərizə” avadanlığı-İnnovasiyalar mərkəzi qonaqlara nümayiş etdirilib.

Qonaqların diqqətinə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində bugünədək 3 000 000-a yaxın vətəndaşa xidmət göstərilib.

 “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.


Tarix: 07-10-2014 14:17