Pakistanın KİV nümayəndələri “ASAN xidmət”də
Pakistan İslam Respublikasının bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Qonaqlar işğaldan azad edilmiş ərazilərimizlə tanış olmaq üçün ölkəmizdə səfərdədirlər. Onların arasında Pakistanın dövlət və özəl televiziya kanalları, tanınmış qəzet və xəbər portallarının təmsilçiləri var.
Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması tarixçəsi, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verilib. Bildirilib ki, Azərbaycanın məhsulu və brendi olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin məqsədi dövlət xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, ümumiyyətlə dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.
Görüş zamanı qonaqlara, həmçinin, Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, elektron hökumətin inkişafı, sosial innovasiyalar sahələrində həyata keçirilən işlər, "ABAD" publik hüquqi şəxsin nailiyyətləri barədə ətraflı məlumat verilmişdir.
Bundan başqa ASAN Radio, ASAN Təlim Mərkəzi və Çağrı Mərkəzinin fəaliyyəti ilə tanış olan pakistanlı jurnalistlər “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipini, əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, Dövlət Agentliyinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.