İsrail nümayəndə heyəti "ASAN xidmət"də
İsrailin Yokneam şəhərinin vitse-meri Roman Peresin başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonaqlara “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Görüş zamanı qonağa, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, elektron hökumətin inkişafı, sosial innovasiyalar sahələrində həyata keçirilən işlər, "ABAD" publik hüquqi şəxsin nailiyyətləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, bu günədək 48 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.
“ASAN xidmət” modelinə böyük maraq göstərən qonaqlarla bu modelin gələcəkdə Yokneam şəhərində tətbiqinə dair ilkin fikir mübadiləsi aparılıb.
Qonaqlar ASAN Radio, 108 Çağrı Mərkəzi, ASAN Təlim və Tədris Mərkəzi ilə tanış olublar.
"ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirən qonaqlar mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub