Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət” modelinin Tacikistanda tətbiqi ilə bağlı müzakirələr təşkil olunub


Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə  “Azərbaycanın bir pəncərə prinsipi ilə dövlət xidmətlərinin göstərilməsi və elektron idarəetmə üzrə qabaqcıl təcrübəsi” mövzusunda onlayn tədbir baş tutub.

Tədbirin əsas məqsədi Tacikistanın dövlət qurumlarının effektiv dövlət xidmətlərinin göstərilməsi haqqında məlumatlandırılması və müvafiq istiqamətlər üzrə mümkün əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
 
Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Azərbaycan və Tacikistan arasında mövcud  səmərəli əməkdaşlıqdan bəhs edib. Digər əməkdaşlıq sahələri ilə yanaşı dövlət xidmətlərinin göstərilməsi, elektron idarəetmə və kiçik və orta sahibkarlığa dəstək sahəsində də uğurlu əməkdaşlığın həyata keçirilə biləcəyi qeyd edilib, “ASAN xidmət” təcrübəsinin Tacikistanda tətbiqi ilə bağlı Dövlət Agentliyinin Tacikistan tərəfi ilə əməkdaşlığa hazır olduğu bildirilib.

Eyni zamanda struktur bölmələr tərəfindən dövlət xidmətlərinin göstərilməsində ölkəmizin qabaqcıl təcrübəsi hesab olunan “ASAN xidmət” modeli, eləcə də Dövlət Agentliyi tərəfindən elektron hökumət, sosial innovasiyalar və ailə bizneslərinə dəstək sahəsində görülən işlər və planlaşdırılan layihələr ilə bağlı təqdimatlar edilib. 

Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədr müavini Xurşedai Qodir pilot layihə kimi “ASAN xidmət” təcrübəsinin Düşənbə şəhərində tətbiqində maraqlı olduqlarını və bu istiqamətdə Dövlət Agentliyi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.


Tarix: 03-12-2021 11:59