Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“YAŞAT” Fondunun dəvəti ilə Türkiyə fondlarının rəhbərləri ölkəmizə gəliblər


Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların rəhbərlərindən ibarət nümayəndə heyəti “YAŞAT” Fondunun dəvəti ilə ölkəmizdə səfərdədir.

Nümayəndə heyətinin  tərkibinə “Mehmetçik” Fondunun rəhbəri, ehtiyatda olan general-leytenant Engin Durak, “Elele” Fondunun rəhbəri, ehtiyatda olan general-mayor Taci Kurul, “Eğitim” Fondunun rəhbəri, ehtiyatda olan general-leytenant Kemal Korkmaz və “Dayanışma” Fondunun rəhbəri, ehtiyatda olan polkovnik Mustafa Dündar daxildir.

Qonaqlar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı önünə gül dəstələri qoyublar. Eyni zamanda Şəhidlər xiyabanında və “Türk Şəhidliyi” abidəsində qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.

Sonra nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə görüşü təşkil olunub.  Qonaqlara “YAŞAT” Fondunun yaradılması, məqsədləri və həyata keçirilən tədbirlər barədə məlumat verilib.  Fondun şəhidlərimizin ailələrinin və qazilərimizin müraciətlərinin həlli istiqamətlərində reallaşdırdığı dəstək tədbirləri diqqətə çatdırılıb.  Bundan əlavə  “YAŞAT” Fondu ilə Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən Fondlar arasındakı mövcud və gələcək əməkdaşlıq perspektivlərinin inkişafı istiqamətində müzakirələr aparılıb. 

Səfər çərçivəsində nümayəndə heyəti “ASAN xidmət”in,  Elektron Hökumətin İnkişafı Mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, həmçinin “ABAD” İçərişəhər etno-butikinin fəaliyyəti ilə də tanış olub.

Qonaqlara xatirə hədiyyələri təqdim olunub.


Tarix: 09-12-2021 17:00