Dövlət Agentliyinin nümayəndə heyəti ICESCO Baş Konfransının 14-cü sessiyasında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş Konfransının Misir Ərəb Respublikasında keçirilmiş 14-cü sessiyasında iştirak edib.
Sessiya çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.
Görüş zamanı Dövlət Agentliyi ilə ICESCO arasında imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində həyata keçirilən işlər və planlaşdırılan layihələr barədə fikir mübadiləsi aparılıb.
Bundan əlavə Dövlət Agentliyi ilə ICESCO nümayəndələri arasında “Xidmətdə Mükəmməlik üzrə ASAN ICESCO mükafatı”na dair müsabiqənin təşkili şərtləri ilə əlaqədar məsələlərə dair müzakirələr aparılıb.
Həmçinin Dövlət Agentliyi 8-10 dekabr tarixində Qahirə şəhərində Misirin Ali Təhsil və Elmi Tədqiqat Nazirliyi tərəfindən keçirilən ikinci Ali Təhsil və Elmi Tədqiqatlar üzrə Qlobal Forumu çərçivəsində ölkəmiz üçün ayrılmış guşədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə açılmış sərgidə təmsil olunub.
Sərgidə Azərbaycanın mədəniyyəti və tarixinə həsr olunan videoçarxlarla yanaşı dövlət xidmətlərinin göstərilməsi üzrə ölkəmizin qabaqcıl modeli hesab olunan “ASAN xidmət”, Dövlət Agentliyi tərəfindən elektron hökumət və sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr, “ABAD” publik hüquqi şəxsin fəaliyyətinə dair geniş videomateriallar tədbir iştirakçılarının diqqətinə təqdim olunub.
Eyni zamanda sərgi çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri, o cümlədən Qarabağ haqqında ziyarətçilərə ətraflı məlumat verilir və kitabçalar paylanılır.
ICESCO Baş Konfrasının 14-cü sessiyası və ikinci Ali Təhsil və Elmi Tədqiqatlar üzrə Qlobal Forumu zamanı Azərbayan Respublikasının nümayəndə heyətinə mədəniyyət naziri Anar Kərimov rəhbərlik edib.