Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın növbəti görüşü baş tutub


13 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun növbəti görüşü baş tutub.  

Görüşdə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, eyni zamanda İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının, ADA Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri və ekspertlər iştirak ediblər. 

Görüş zamanı elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə mövcud vəziyyət, ölkəmizin mövqeyi təhlil edilib, perspektiv inkişaf imkanları müzakirə olunub. Elmi tədqiqat işlərinin stimullaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, müvafiq sahə üzrə qanunvericilik aktlarına dəyişikliklərin edilməsi və s. üzrə təkliflər səsləndirilib. Müvafiq beynəlxalq səviyyəli təşkilatlarla əməkdaşlığın vacibliyi vurğulanıb.

Eyni zamanda iştirakçılar tərəfindən təqdimatlar nümayiş olunub.

Yekunda “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupa üzv olan müvafiq qurumlar tərəfindən təkliflərin ən qısa müddətdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə  Dövlət Agentliyinə göndərilməsinə və bu istiqamətdə müvafiq Yol Xəritəsinin hazırlanmasına dair qərar qəbul edilib.

Məlumat üçün qeyd edək ki, altqrup Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının sədri tərəfindən Komissiyanın “Texnologiya və innovasiya” üzrə İşçi qrupunun tərkibində 2021-ci il 30 dekabr tarixində yaradılmışdır (https://azranking.az/public/images/Texnologiya%20v%C9%99%20innovasiyalar-Alt%20qrup.pdf ). Altqrupa rəhbərlik Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs tərəfindən həyata keçirilir. Məqsəd yerli elmi nəşrlərin beynəlxalq nüfuzlu jurnallarda yayımlanmasının təşviq ounması və dəstəklənməsi, mövcud nəşrlərin beynəlxalq standartların tələblərinə uyğun olaraq təkmilləşdirilməsinə xidmət edən tədbirlərin müəyyənləşdirilməsidir. Eyni zamanda, elmi jurnallar bazasının, “Asistent” məktəblərinin və yerli alimlər klubları platformasının yaradılması, alimlərimizin işlərinin platformaya yerləşdirilməsi sahəsində təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması hədəf olaraq müəyyən edilmişdir.


Tarix: 14-01-2022 14:27