Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində universitet rəhbərləri ilə görüşlər keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin həyata keçirdiyi “Gələcək üçün bacarıqlar” layihəsinə qoşulmuş universitetlərdə hesabat təqdimatı və növbəti addımlar ilə bağlı görüşlər keçirilib. 
 
 Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən görüşlərdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov ölkəmizdə innovasiya ekosisteminin mövcud vəziyyəti, müxtəlif komponentlər arasında inteqrasiya və universitetlərin proseslərdəki vacib rolu ilə bağlı məlumat verib.  Görüşlərdə layihənin komponentləri, gedişatı və növbəti mərhələləri, həmçinin 1 mart tarixindən başlayacaq “İnkubasiya proqramı”na hazırlıq işləri diqqətə çatdırılıb. İnkubasiya proqramı çərçivəsində biznes inkubatorlarının fəaliyyəti, tədqiqat-inkişaf proqramlarının (R&D) təşkili məsələləri, resurs mənbələrinin təmin edilməsi ifadə edilib. Eyni zamanda startap mühiti formalaşdırmaqla tələbələrin yetişdirilməsi istiqamətində görüləcək işlər, universitetlərin dövlət və özəl qurumlarla əlaqələrinin qurulması istiqamətində fikir mübadilələri aparılıb.
Universitet rəhbərləri tərəfindən layihəyə böyük ümidlər və dəstək ifadə olunub, təmsil etdikləri təhsil müəssisələrində bu sahədə görülmüş işlər diqqətə çatdırılıb.
 
“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf və ixtira sahəsinə yönləndirilməsidir.

2022-ci ildə layihənin fəaliyyət dairəsinin daha da genişləndirilməsi, növbəti komponent olan inkubasiya proqramının həyata keçirilməsi və yeni universitetlərlə əməkdaşlıqların qurulması nəzərdə tutulur.


Tarix: 25-01-2022 16:15