Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

İraq "ASAN xidmət" modelini öyrənir


14-17 mart 2022-ci il  tarixində İraq Respublikasının Nazirlər Kabinetinin tabeliyində olan Federal İctimai Xidmətlər Şurasının nümayəndə heyəti  ölkəmizə səfər edib.

Məqsəd “ASAN xidmət” modeli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən rəqəmsal hökumət və sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr ilə yaxından tanış olmaq, eləcə də dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan modelinin İraqda tətbiqi istiqamətində müzakirələrin aparılması olub.


Səfər çərçivəsində  nümayəndə heyəti Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev ilə görüş keçirib. Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.


Həmçinin görüş  zamanı “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.


Bundan əlavə 2019-cu ildə Bakıda keçirilmiş BMT Dövlət Xidmətləri Forumu çərçivəsində Dövlət Agentliyinin tərəfdaşlıq etdiyi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları ilə birlikdə təsis olunan “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası” barədə qarşı tərəf məlumatlandırılıb.


Səfər zamanı qonaqlar 3 saylı Bakı “ASAN xidmət” mərkəzi, Şamaxı “ASAN Həyat” kompleksi, Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM), "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və “ABAD”ın fəaliyyəti ilə tanış olublar.


Səfər proqramı çərçivəsində İraq nümayəndə heyətinə Dövlət Agentliyinin müvafiq şöbələri və EHİM tərəfindən geniş təqdimatlar edilib.


Tarix: 18-03-2022 17:03