Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət”in nümayəndəsi qlobal startap ekosistemi konfransında


31 may 2022-ci il tarixində dünyanın qlobal startap ekosistem xəritəsi və araşdırma mərkəzi olan "StartupBlink" təşkilatı tərəfindən Qlobal startap ekosistemi indeksinin 2022-ci il üzrə hesabatının təqdimat konfransı keçirilib. 

Hesabatda dünya üzrə startapların inkişafı üçün münbit şəraitin olduğu 100 ölkə və 1000 şəhər seçilib. Ötən ilki hesabatla müqayisədə Azərbaycan Respublikası ölkələr üzrə reytinqdə 4 pillə, Bakı şəhəri isə şəhərlərarası reytinqdə 12 pillə irəliləyib.
Konfrans zamanı Azərbaycan, Türkiyə, Almaniya, Belçika, İzrail, Yaponiya və ABŞ da daxil olmaqla 20-yə yaxın ölkənin ekosistemi üzrə yenilikləri təqdim olunub. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi konfransda onlayn formada çıxış edərək ölkəmizdə innovasiya ekosisteminin inkişafı sahəsində son dövrlər baş verən irəliləyişlər, həyata keçirilən tədbirlər və Dövlət Agentliyi tərəfindən yaradılan "INNOLAND " mərkəzinin fəaliyyəti barədə məlumat verib, ölkəmizdə həyata keçirilən “Azərbaycan 500 ASAN Startap Proqramı”, “Gələcək üçün bacarıqlar” və “Regional texnoloji startaplara dəstək” layihələrinin hesabatda əks olunmasını müsbət məqam kimi vurğulayıb.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2022-ci il yanvar ayından etibarən "StartupBlink" təşkilatının ölkə üzrə partnyorudur. Yerli innovasiya ekosisteminə dair yeniliklər, reallaşan layihələr və sahə üzrə fəaliyyət göstərən təşkilatlar haqqında məlumatların "StartupBlink" platforması vasitəsilə beynəlxalq arenada paylaşılması istiqamətində davamlı işlər aparılır.


Tarix: 01-06-2022 10:55