Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət” dövlət xidmətləri ilə bağlı beynəlxalq mükafat verəcək


“UCLG Afrika – ASAN – AMPCC Yerli Afrika Dövlət Xidməti Mükafatı” təsis olunub. Bu, Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatının (UCLG Afrika) və Keniya Respublikasının birgə təşkilatçılığı ilə keçirilmiş 9-cu “Africities” Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “UCLG Afrika” Təşkilatının təşəbbüsü, eləcə də Mərakeş Merlər Assosiasiyasının tərəfdaşlığı ilə gerçəkləşib. Bu istiqamətdə tərəflər arasında Niyyət Protokolu imzalanıb. Sənədi “UCLG Afrika” Təşkilatının Baş katibi, Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri və Mərakeş Merlər Assosiasiyasının prezidenti imzalayıblar.

 

Mükafatın məqsədi Afrika qitəsinin Yerli və Regional Hökumətləri tərəfindən yerli idarəetmə və ictimai xidmətlərin göstərilməsi zamanı ortaya çıxan çətinliklərin azaldılmasına və ya aradan qaldırılmasına yönəlmiş yeni həllərin, innovasiyaların, uğurlu təcrübələrin və təşəbbüslərin beynəlxalq səviyyədə tanıdılması və mükafatlandırmasıdır.

 

Mükafatın qalibləri Dövlət Agentliyinin dövlət xidmətlərinin göstərilməsi, elektron hökumət, habelə sosial inovasiyalar sahəsindəki təcrübəsi ilə tanış olmaq imkanı əldə edəcək. Bununla da ölkəmizin “ASAN xidmət” təcrübəsi ilə yanaşı, müvafiq istiqamətlər üzrə qabaqcıl həlləri Afrika qitəsi ölkələrində geniş formada öyəniləcək və təbliğ olunacaq.

 

Qaliblər UCLG Afrika və Dövlət Agentliyinin ekspertləri tərəfindən Afrikanın yerli hökumətləri və şəhərləri arasından seçiləcək. Mükafata müraciət ilə əlaqədar qaydalar cari il çərçivəsində beynəlxalq və yerli ictimaiyyətə açıqlanacaq.

 

“UCLG Afrika” Təşkilatı Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Təşkilatının (UCLG) Afrika bölməsini təmsil edən beynəlxalq Pan-Afrika təşkilatıdır və mənzil qərargahı Mərakeş Krallığının paytaxtı Rabat şəhərində yerləşir. Xatırladaq ki, “UCLG Afrika” Təşkilatı ilə Dövlət Agentliyi arasında 2018-ci ildə Anlaşma Memorandumu imzalanıb.

 

Tədbir çərçivəsində Uqandanın dövlət xidmətləri naziri, Mərakeş Krallığının Rabat şəhərinin meri, BMT və digər beynəlxalq, eləcə də regional təşkilatların nümayəndələri ilə görüşlər keçirilib.


Tarix: 06-06-2022 14:25