Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Azərbaycan və Türkiyə vətəndaşlarının həyatı daha asanlaşdı


Türkiyənin Samsun şəhərində keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Türkiyə Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç arasında görüş keçirilib. Görüş zamanı Dijital Dönüşüm Ofisi ilə Dövlət Agentiyinin Elektron Hökumətin İnkişafı Mərkəzi arasında görülən işlərdən danışılıb.

Əməkdaşlığın ilkin mərhələsində Türkiyənin “e-Devlet Kapısı” portalına e-gov.az və paralel olaraq my.gov.az şəxsi kabinetinin inteqrasiyası həyata keçirilir. Belə ki, hər bir Türkiyə vətəndaşı ölkəsini tərk etmədən “e-Devlet Kapısı” (turkiye.gov.tr) üzərindən Azərbaycanda onlar üçün göstərilən elektron xidmətlərə müraciət edə bilər.

Proses həmçinin Azərbaycan vətəndaşları üçün də keçərlidir. Yəni, Azərbaycan vətəndaşları “ASAN Login” üzərindən elektron hökumət portalına daxil olaraq oradan qardaş Türkiyənin elektron dövlət xidmətlərinin göstərildiyi “e-Devlet Kapısı” (turkiye.gov.tr) portalına keçid və uyğun xidmətlərə müraciət edə bilərlər.

Dünyada bir ilk olan bu əməkdaşlıq nümunəsinin növbəti mərhələsində isə Azərbaycan və Türkiyə dövlət qurumlarının elektron sistemlərinin də qarşılıqlı inteqrasiya edilməsi və bir çox xidmətlərin əlaçatan və operativ təmin edilməsi nəzərdə tutulub.

Əməkdaşlıq Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç arasında 2020-ci ildə imzalanmış Anlaşma Memorandumu əsasında baş tutub. Memorandumun əsas məqsədi tərəflər arasında inteqrasiya olunmuş xidmətlər mərkəzinin və dövlət xidmətlərinin rəqəmsallaşdırılması üçün texniki infrastrukturun yaradılmasıdır.


Tarix: 01-09-2022 18:50