Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət”in nümayəndə heyəti Sinqapurda keçirilən konfransda iştirak edib


13-16 sentyabr tarixində Sinqapurda keçirilən “Dövlət İdarəçiliyində İnformasiya Texnologiyaları üzrə Beynəlxalq Şura”nın 56-cı Konfransında (“56th ICA Conference”) iştirak məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sinqapurda səfərdə olub.

 

Konfransın keçirilməsinin əsas məqsədi dövlət xidmətləri, sosial innovasiyalar, rəqəmsal idarəetmə, hökumət texnologiyaları sahəsində dünyanın müxtəlif ölkələrindən müvafiq sahələr üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərlərini bir araya toplamaq və “İnnovativ texnologiya”, “Süni intellekt və praktik istifadə hallarına müraciət”, “İnsanlar və işçi qüvvəsinin transformasiyası”, “Qlobal iqtisadiyyatlarda GovTech çərçivəsi - çağırış və imkanlar” kimi bir çox mövzularla bağlı ən son tendensiyaları müzakirə etməkdir.

 

Konfransda Azərbaycanın “ASAN xidmət” və rəqəmsal xidmətlər sahəsində mövcud təcrübəsi, eləcə də dövlət xidmətlərinin rəqəmsallaşdırılması və inkişaf etdirilməsi mövzuları üzrə görülən işlər və təkliflər ətrafında geniş təqdimatla diqqətə çatdırılıb. Azərbaycanın bu sahədə həyata keçirdiyi fəaliyyət konfrans iştirakçıları tərəfinən yüksək qiymətləndirilib.

 

Səfər zamanı Sinqapurun  “GovTech” məsələləri üzrə naziri, eyni zamanda kommunikasiya və informasiya, eləcə də səhiyyə məsələlərinə məsul dövlət naziri Canil Putuçari ilə görüş keçirilib və müvafiq istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüş çərçivəsində Sinqapur tərəfi ölkəmizdə sözügedən sahələr üzrə görülən işləri yüksək qiymətləndirmiş və Dövlət Agentliyi ilə müvafiq sahələrdə əməkdaşlığa başlanılması barədə razılıq əldə edilib.

 

Eyni zamanda səfər çərçivəsində İsrailin Milli Rəqəmsal Agentliyinin və Avstraliyanın Rəqəmsal Transformasiya Agentliyinin rəhbərləri ilə görüşlər keçirilib. Müvafiq tərəflərə “ASAN xidmət”, həmçinin də Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələr barədə məlumat verilib və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi barədə qərar qəbul olunub.


Tarix: 19-09-2022 11:41