Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət Agentliyinin sədri Səmərqənddə ikitərəfli görüşlər keçirib


Özbəkistanda səfərdə olan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Özbəkistan Respublikasının informasiya texnologiyaları və kommunikasiyaların inkişafı naziri Şerzod Şermatov ilə görüşüb. Görüş zamanı Dövlət Agentiyinin sədri Özbəkistan tərəfinə “ASAN xidmət” mərkəzləri, o cümlədən, Dövlət Agentliyinin digər fəaliyyət sahələri olan elektron hökumətin inkişafı və sosial innovasiyalar sahələrində həyata keçirilən işlər, eləcə də “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi,  "ABAD" publik hüquqi şəxsin fəaliyyəti barədə ətraflı məlumat verib. Özbəkistanlı nazir elektron hökumət, dövlət xidmətlərində hökumət texnologiyalarının tətbiqi, startaplara dəstək sahəsində qarşılıqlı təcrübə mübadiləsində maraqlı olduqlarını bildirib. 


Özbəkistana səfər çərçivəsində Dövlət Agentliyinin sədri ilə Özbəkistan Respublikasının ədliyyə nazirinin müavini Xudayor Meliev arasında da görüş baş tutub. Görüşdə Dövlət Agentliyi ilə Özbəkistan tərəfi arasında 2019-cu ildə imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində Özbəkistanda mövcud olan dövlət xidmətləri mərkəzlərinin fəaliyyətinin ölkəmizin “ASAN xidmət” modeli əsasında təkmilləşdirilməsi, müvafiq istiqamətlər üzrə sosial innovasiyaların tətbiqi sahəsində müzakirələr aparılıb və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi barədə razılığa gəlinib.


Səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Bağdat Mussin, Türkiyə Respublikasının nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan ilə də görüşlər keçirilib.


Tarix: 28-10-2022 15:05