Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət” təcrübəsi BƏƏ-də


Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəvəti ilə ölkəmizdə rəsmi səfərdədir.
 
28 noyabr 2022-ci il tarixində nümayəndə heyəti “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub.
 
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
 
Görüş zamanı qonaqlara, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, sosial innovasiyalar sahələrində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu günədək 58 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.
 
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.
 
Nümayəndə heyəti "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, “Bilim Bakı” mərkəzinin, “ABAD”ın fəaliyyəti və Səyyar ASAN xidmət  avtobusu ilə yerində tanış olub.
 
Sonra Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Memorandum “ASAN xidmət” təcrübəsinin BƏƏ ilə, habelə qarşı tərəfin “Hökumət Akselerasiya Proqramı”nın Azərbaycanla paylaşılması üzrə əməkdaşlığı nəzərdə tutur.
 


Tarix: 28-11-2022 17:52