Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu keçirilib


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 1-9 dekabr tarixində həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu” baş tutub.

Bakı Konqres Mərkəzində keçirilən Forum ölkəmizdə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi ilə başlayıb. Sərgi zamanı təşkilatların fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub.

5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə keçirilən Forumun rəsmi açılış hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev də iştirak edib.

Gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib, könüllülərə fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə könüllülərin müxtəlif ssahələrdə fəaliyyətini əks etdirən video hesabatlar və “Azərbaycan Könüllüləri 2022-ci ildə” adlı hesabat təqdim olunub.

Həmçinin il ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş gənc könüllülər “İlin Könüllüsü” mükafatı ilə təltif olunublar.

Sonra Azərbaycan könüllüləri adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

Tədbir BMT Könüllüləri proqramının rəhbəri Toily Kurbanovun videomüraciəti ilə davam edib.

Sonda Azərbaycan könüllülərinin TEDx formatında çıxışları və ASAN könüllülərinin təqdimatında İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" pyesinin motivləri əsasında hazırlanmış "Xan qızı Xurşidbanu Natəvan" tamaşası nümayiş etdirilib.


Tarix: 05-12-2022 17:53