Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Uqanda və BƏƏ rəsmiləri “ASAN xidmət”də


14 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Uqanda Respublikasının dövlət xidməti naziri Vilson Muruli Mukasa və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hökumət xidmətlərinin rəisi Muhammed Bin Taliah ilə görüşüb.

Görüşlər “ASAN xidmət”in təşkilatçılığı ilə “Müasir İdarəetməyə Gedən Yol: Dayanıqlı və İnnovativ Dövlət Xidmətlərinə Doğru” mövzusunda Bakıda gerçəkləşdiriləcək beynəlxalq Forum öncəsi baş tutub.

Qonaqlara “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, sosial innovasiyalar sahələrində həyata keçirilən işlər, "ABAD" publik hüquqi şəxsin nailiyyətləri barədə məlumatlar diqqətə çatdırılıb.


Uqanda tərəfi ilə keçirilən görüşdə  Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında 2018-ci ildə imzalanmış Anlaşma Memorandumu diqqətə çatdırılıb. Memorandumun implementasiyası çərçivəsində Uqandada “Xidmət Mərkəz”lərinin fəaliyyətinin Azərbaycanın “ASAN xidmət” modeli əsasında təkmilləşdirilməsi,  müvafiq sahə üzrə Azərbaycanın qabaqcıl təcrübəsinin bölüşülməsi istiqamətində görülən işlərdən söz açılıb.


BƏƏ tərəfi ilə keçirilən görüşdə cari ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Memorandum çərçivəsində tərəflər arasında “ASAN xidmət” təcrübəsinin BƏƏ ilə, habelə qarşı tərəfin “Hökumət Akselerasiya Proqramı”nın Azərbaycanla paylaşılması istiqamətində əməkdaşlıq üzrə müzakirələr aparılıb.

Qonaqlar, həmçinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.


Tarix: 14-12-2022 19:13