Beynəlxalq Forumun iştirakçıları “ASAN xidmət”də
“ASAN xidmət”in təşkilatçılığı ilə “Müasir İdarəetməyə Gedən Yol: Dayanıqlı və İnnovativ Dövlət Xidmətlərinə Doğru” mövzusunda baş tutan beynəlxalq Forumda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Moldovanın Baş nazirinin müavini Yurie Tsurkanu, Monteneqronun dövlət idarəçiliyi naziri Maraş Dukaj, Maldiv Respublikasının ətraf mühit, iqlim dəyişikliyi və texnologiyalar üzrə naziri Mohammed Şarif, Özbəkistan Respublikasının ədliyyə naziri Əkbər Taşkulov “ və Serbiya Baş naziri Ofisinin Dövlət İdarəçiliyi İslahatı qrupunun direktoru Marta Tomovska “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Qonaqlara “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, sosial innovasiyaların tətbiqi, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar “ASAN xidmət”, "ABAD" publik hüquqi şəxsi, "Bilim Bakı" mərkəzi barədə məlumatlar diqqətə çatdırılıb.
Moldova tərəfi ilə keçirilən görüşdə Baş nazirin müavini İurie Turkanu “ASAN xidmət” modelinin öz ölkələrində tətbiqi ilə bağlı təklifi ilə çıxış edib və bu istiqamətdə Dövlət Agentliyi ilə əməkdaşlıqdan məmnun olacağını bildirib.
Monteneqro tərəfi ilə keçirilən görüş zamanı tərəflər arasında 2017-ci ildə imzalanmış dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülmüş işlər barədə fikir mübadiləsi aparılıb. Nazir “ASAN xidmət” modelinin Monteneqroda tətbiqi ilə əlaqədar Dövlət Agentliyinin dəstəyini xahiş edib. Azərbaycan təcrübəsinin Monteneqroda tətbiqi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı razılığa gəlinib.
Özbəkistan Respublikasının ədliyyə naziri Əkbər Taşkulov ilə keçirilən görüş zamanı 2019-cu ildə Özbəkistan tərəfi ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən işlər və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb. Özbəkistan tərəfi Azərbaycanın “ASAN xidmət” təcrübəsi əsasında Özbəkistanda vahid məkandan dövlət xidmətləri göstərən mərkəzlərin uğurlu fəaliyyətinə toxunaraq ötən illər ərzində göstərilən dəstəyə görə Dövlət Agentliyinin sədrinə təşəkkürünü bildirib.
Serbiya tərəfi ilə baş tutan görüş çərçivəsində Marta Tomovska “ASAN xidmət” mərkəzi, eləcə də Dövlət Agentliyi tərəfindən görülən işlərin onlarda böyük təəssürat yaratdığnı bildirib. Müvafiq istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı razılığa gəlinib.
Forumda müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan və platformalardan, eləcə də innovasiyalar üzrə nüfuzlu şirkətlərdən ümumilikdə 50-yə yaxın xarici qonaq iştirak edib. Qonaqlar “ASAN xidmət”in fəaliyyəti ilə yerində tanış olublar.