Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də


Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi yanında “Vətəndaşlar üçün Hökumət” Dövlət Korporasiyası” qeyri-kommersiya səhmdar cəmiyyətinin nümayəndə heyəti ölkəmizə səfər edib.

Səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar sahəsində həyata keçirilən fəaliyyətlə, o cümlədən "ASAN xidmət” modeli ilə tanışlıq olub.

Dövlət Agentliyinin nümayəndələri ilə keçirilən görüş çərçivəsində qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Eyni zamanda "ASAN xidmət"in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.

Həmçinin “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Nümayəndə heyəti “ASAN xidmət” mərkəzilərİ, Səyyar ASAN xidmət, “ASAN Radio”, 108 Çağrı Mərkəzi, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və “ABAD”ın fəaliyyəti ilə yerində tanış olub.

Səfər çərçivəsində nümayəndə heyətinə Dövlət Agentliyinin müxtəlif şöbələri tərəfindən təqdimatlar edilib.


Tarix: 17-02-2023 17:31