Tanzaniya və Efiopiya “ASAN xidmət” modelinin tətbiqində maraqlıdır
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqonun və Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Demeke Mekonnen Hassenin rəhbərlik etdikləri nümayəndə heyətləri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Qonaqlara “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqo “ASAN xidmət” modelinin Tanzaniyada tətbiqi və ikitərəfli Anlaşma Memorandumunun imzalanması ilə bağlı ilkin razılığa gəliblər.
Efiopiya tərəfi öz növbəsində “ASAN xidmət” konseptinin onlarda yüksək təəssürat yaratdığını və Azərbaycanın “ASAN xidmət” modelinin ölkələrində tətbiqində maraqlı olduqlarını bildirib.
Qonaqlara Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, sosial innovasiyaların tətbiqi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxs barədə məlumat verilib.