Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət Agentliyinin nümayəndə heyəti Efiopiyaya səfər edib


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Efiopiya Federativ Demokratik Respublikasına səfər edib. Səfər bu ölkənin Baş nazirinin müavininin dəvəti əsasında   gerçəkləşib.

Səfər çərçivəsində Efiopiyanın innovasiya və texnologiyalar naziri Belete Mola, Dövlət Xidməti Komissiyasının rəhbəri Mekulia Hayle, xarici işlər üzrə dövlət naziri Mesqanu Arqa, Oromia ştatının Prezidenti Şimelis Abdissa və Əddis-Əbəbə şəhərinin meri  Adaneç Abebe ilə görüşlər keçirilib.


Görüşlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” konsepsiyası, Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin göstərilməsi, sosial innovasiyalar, startaplara dəstək sahəsində həyata keçirilən işlər barədə geniş təqdimatlar edilib. 


İnnovasiya və texnologiyalar naziri ilə görüşdə Efiopiya tərəfi Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin çatdırılması sahəsində tətbiq olunan müasir rəqəmsal həllərin öz ölkələrində tətbiqi istiqamətində birgə əməkdaşlıq təşəbbüsü ilə çıxış edib və bununla əlaqədar işçi qrupu yaradılıb.


Dövlət Xidməti Komissiyasının rəhbəri ilə görüşdə qarşı tərəf müvafiq qurumun nümayəndələrinin ötən il ölkəmizə baş tutan səfərini məmnunluqla xatırlayaraq Dövlət Agentliyi ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində əməli fəaliyyətin həyata keçirilməsinə hazır olduqlarını qeyd edib. Eyni zamanda “ASAN xidmət” modeli əsasında Efiopiyada vahid məkandan xidmət göstərən ilk mərkəzin açılması barədə razılıq əldə olunub. 


Xarici işlər üzrə dövlət naziri cari il ərzində “ASAN xidmət” mərkəzi ilə tanış olduğunu və müvafiq konsepsiyasının BMT tərəfindən yüksək qiymətləndirilməsinin onda böyük təəssürat yaratdığını diqqətə çatdırıb. Eyni zamanda görüş zamanı Efiopiya tərəfi Azərbaycan modelinin ölkəsində tətbiqi ilə bağlı Anlaşma Memorandumunu imzalamağa hazır olduqlarını bəyan edib.

Oromia ştatının və Əddis-Əbəbə şəhərinin rəhbərləri ilə görüşlər zamanı müvafiq orqanların nümayəndələrinə Dövlət Agentliyinin ekspertləri tərəfindən xidmət standartlarının təşkili, insan resurslarının idarə edilməsi, şikayət və qiymətləndirmə mexanizmlərinin formalaşdırılması barədə təlimlərin keçirilməsi, eyni zamanda “ASAN xidmət”də istifadə olunan rəqəmsal həllərin burada tətbiqi ilə bağlı razılıq əldə olunub.


Görüşlərdə Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov da iştirak edib.


Tarix: 02-08-2023 11:04