“ASAN ödəniş” portalı istifadəyə verildi
“ASAN ödəniş” sisteminin www.asanpay.az elektron portalı pilot layihə çərçivəsində istifadəyə verildi. Vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarları üzrə ödənişləri “ASAN ödəniş” portalından bank kartı vasitəsilə həyata keçirə bilərlər. İlkin mərhələdə yalnız Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişi mümkündür.
Vətəndaşlar ödənişləri “ASAN ödəniş” portalında qeydiyyatdan keçməklə və ya qeydiyyatdan keçmədən rahat yerinə yetirə bilərlər.
“ASAN ödəniş” portalının istifadə təlimatı ilə bağlı vətəndaşların göstərilən linkə daxil olaraq ətraflı məlumat əldə etməsi mümkündür:
https://www.asanpay.az/asanpay/instructions
Vətəndaşların “ASAN ödəniş” sisteminin funksionallığı ilə bağlı sualları yarandıqda 108 Çağrı Mərkəzinə zəng edə bilər.
Bundan başqa ödənişləri pilot layihə çərçivəsində 1 saylı Bakı “ASAN xidmət” mərkəzində (Akademik Həsən Əliyev küçəsi, 36) quraşdırılan “ASAN ödəniş” terminallarında nağd və ya bank kartı ilə ödənişləri yerinə yetirmək olar. Bu terminalların gələcəkdə bütün mərkəzlərdə və əhalinin kütləvi toplaşdığı yerlərdə quraşdırılması nəzərdə tutulub. “ASAN ödəniş” terminalları digərlərindən fərqi ondan ibarətdir ki, terminallar özündə həm nağd pulun, həm qəpiklərin qəbulunu və qaytarılmasını nəzərdə tutur.
Qeyd edək ki, “ASAN ödəniş” sistemi “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral 110 nömrəli Fərmanına əsasən yaradılmışdır.