İsveçrə Konfederasiyasının Xarici İşlər üzrə Dövlət Katibinin müavini “ASAN xidmət” mərkəzi ilə tanış olub
15 yanvar 2015-ci il tarixində İsveçrə Konfederasiyasının Xarici İşlər üzrə Dövlət Katibinin müavini Georges Martin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olub.
Qonağı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Dövlət Agentliyinin sədri İnam Kərimov salamlayıb. Qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.
Qonaq “ASAN xidmət” konsepsiyasını dövlət xidmətlərinin göstərilməsində nümunəvi model hesab edərək, bu təcrübənin dünya ölkələrində tətbiqinin əhəmiyyətini vurğulayıb.
Qonağın diqqətinə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 3 700 000-a yaxın müraciət qeydə alınıb.
“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.